Çilinin cənubundakı Kawésqar Milli Qoruğunda yerləşən balıq fermalarında kütləvi qızılbalıq ölümü qeydə alınıb. Dənizdə mikro yosunların həddindən artıq çoxalması nəticəsində tələf olan balıqların ümumi çəkisi 959 tona çatıb.
Hadisə ölkənin Maqalyanes bölgəsində “Multiexport Patagonia” şirkətinə məxsus dörd balıq yetişdirmə təsərrüfatında baş verib. Çilinin Milli Balıqçılıq və Akvakultura Xidmətinin məlumatına görə, tələf olan balıqların təxminən 435 tonu sudan çıxarılıb. Daha 525 tona yaxın ölü balığın ərazidən götürülməsi üçün işlər davam etdirilir.
Mütəxəssislər kütləvi ölümün “Leptocylindrus minimus” adlı mikro yosunun sürətlə çoxalması ilə əlaqəli olduğunu bildiriblər. Ölü balıqların xüsusi gəmilərlə daşınması və emal müəssisələrinə çatdırılması planlaşdırılır. Hadisənin dəniz ekosisteminə təsiri araşdırılır, bəzi təsərrüfatlarda isə itkiləri azaltmaq üçün qızılbalıqların vaxtından əvvəl yığılmasına başlanılıb.
Prestij.media
















