Çinlə Şimali Koreyanı birləşdirən 3026 metr uzunluğundakı körpü tikintisi başa çatdıqdan 12 il sonra istifadəyə verilib. Dörd zolaqlı körpünün inşası 2014-cü ildə tamamlanıb, lakin Şimali Koreya tərəfində birləşdirici yolların və gömrük məntəqələrinin hazır olmaması səbəbindən uzun müddət bağlı qalıb.
Körpü Çinin Dandun şəhəri ilə Şimali Koreyanın Sinuiju şəhərini birləşdirir. Açılış zamanı yüzlərlə insan iki ölkənin bayraqları və güllərlə bəzədilmiş yük maşınlarının körpüdən qarşılıqlı keçidini izləyib. Layihənin istifadəyə verilməsi iki ölkə arasında ticarətin genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Yeni körpünün yük daşımalarını asanlaşdıracağı və 1943-cü ildən fəaliyyət göstərən köhnə Çin-Koreya Dostluq körpüsündən asılılığı azaldacağı gözlənilir. Ekspertlərin fikrincə, yeni keçid xüsusilə ağır texnika və tikinti materiallarının daşınmasını artıraraq sərhəd bölgəsində iqtisadi fəallığa təkan verə bilər.
Prestij.media
















