Astronomlar ömrünün son mərhələsinə çatmış ağ cırtdan ulduzun ətrafında qeyri-adi xüsusiyyətlərə malik planet namizədi aşkar ediblər. Alimlərin fikrincə bu kəşf planetlərin yaranması ilə bağlı mövcud təsəvvürlərin yenidən araşdırılmasına səbəb ola bilər.
Böyük Britaniyanın Uorvik Universitetinin rəhbərlik etdiyi tədqiqatçılar NASA-nın “Hubble” kosmik teleskopunun 1999-cu ildə topladığı məlumatları yenidən təhlil ediblər. HS 0209+0832 adlı ulduzun atmosferində niobiumla yanaşı mis və sink elementlərinin də qeyri-adi izləri aşkarlanıb. Alimlər bu maddələrin ulduzun ətrafındakı nəhəng planet namizədindən qaynaqlana biləcəyini düşünürlər. Ona mifologiyadakı küldən yenidən doğulan Simurq quşunun adı ilə “Anka planeti” deyilib.
Yupiter ölçüsündə olduğu ehtimal edilən planet ulduzunun ətrafında bir dövrəni cəmi 4,4 günə tamamlayır. Güclü ultrabənövşəyi şüalanma onun atmosferindəki maddələri kosmosa yayır və onların bir hissəsi ulduza düşür. “Nature Astronomy” jurnalında dərc olunan araşdırmanın nəticələrinin əlavə müşahidələrlə təsdiqlənməsi gözlənilir. Tədqiqatçılar kəşfi “James Webb” teleskopu ilə də yoxlamağı planlaşdırırlar.
Prestij.media
















