Havay adalarında meşələrə yayılan və yerli bitkiləri təhlükə altına alan invaziv ağac növünə qarşı dronlardan istifadə edilib. Tədqiqatçılar kimyəvi dərmanlar əvəzinə həmin bitki ilə qidalanan xüsusi həşəratları havadan ağacların üzərinə buraxıblar.
Mübarizənin əsas hədəfi Braziliya mənşəli çiyələk quavası ağacıdır. Sürətlə yayılan bu bitki günəş işığının meşə döşəməsinə çatmasını azaldır və yerli bitkilərin inkişafına mane olur. Havay Universiteti və ABŞ Meşə Xidmətinin tədqiqatçıları ağacın böyüməsini zəiflədən Tectococcus ovatus adlı həşəratdan istifadə ediblər.
Olaʻa meşə qoruğunda 129 ağac üzərində aparılan sınaq zamanı dronlar işin sürətini xeyli artırıb. Ənənəvi üsulla bir ağaca müdaxilə təxminən 12 dəqiqə çəkdiyi halda, dronla bu müddət 2,8 dəqiqəyə enib. Bir il sonra dronla işlənmiş ağacların 63 faizində həşəratların təsiri müşahidə olunub. Bununla belə, metodun uzunmüddətli nəticələri hələ tam müəyyənləşməyib.
Prestij.media
















