Almaniyanın Brandenburq əyalətində təxminən 2800 il əvvələ aid qeyri-adi tikilinin qalıqları aşkar edilib. Ərazidə tapılan yanmış heyvan sümükləri və iri keramika qablar burada qədim dövrlərdə mərasimlər keçirildiyini ehtimal etməyə əsas verib.
Arxeoloji qazıntılar Seddin yaşayış məntəqəsində, xalq arasında Kral Hinzin məzarı kimi tanınan kurqanın yaxınlığında aparılıb. Təxminən 10,6 metr uzunluğunda və 11,4 metr enində olan tikili adi qədim binalardan fərqli quruluşu ilə diqqət çəkib.
Tədqiqatçılar ərazidə çoxsaylı yanmış heyvan sümükləri və diametri 50 santimetrdən böyük keramika qabların qalıqlarını tapıblar. Bu tapıntıların qurbanvermə mərasimləri və ya kütləvi yeməklərlə əlaqəli ola biləcəyi ehtimal edilir. Lakin tikilinin konkret hansı məqsədlə istifadə olunduğu hələ müəyyənləşdirilməyib.
Prestij.media
















