Sinqapur ərazi çatışmazlığını aradan qaldırmaq və enerji sərfiyyatını azaltmaq üçün yerin 30-80 metr dərinliyində yerləşəcək “Yeraltı Elm Şəhəri” layihəsini təqdim edib. Konsept mərhələsində olan layihədə laboratoriyalar, yüksək texnologiya müəssisələri və məlumat mərkəzlərinin yerləşdirilməsi planlaşdırılır.
Prestij.media xəbər verir ki, layihə ilə yerüstü ərazilərin daha səmərəli istifadəsi və məlumat mərkəzlərinin soyudulmasına sərf olunan enerjinin 20-30 faiz azaldılması hədəflənir. Yeraltı kompleksin təbii temperatur sabitliyindən istifadə ediləcək, səthdə boşalan ərazilər isə park, yaşayış və sosial obyektlər üçün nəzərdə tutulacaq.
Şəhərin xüsusi tunel qazma maşınları və digər texnologiyalarla inşa edilməsi planlaşdırılır. Kompleksdə təhlükəsizlik üçün havalandırma, iqlimləndirmə və yanğından mühafizə sistemləri qurulacaq. Bununla belə, layihənin ilkin mərhələsində böyük həcmdə beton, polad və digər materiallardan istifadə olunması səbəbilə yüksək karbon izi yaranacağı bildirilir.
















