Həkimlər bildirirlər ki, gündə cəmi 30 dəqiqəlik gəzinti bir çox xroniki xəstəliklərin qarşısının alınmasında mühüm rol oynaya bilər.
Mütəxəssislərin sözlərinə görə, müntəzəm gəzinti yalnız arıqlamağa kömək etmir, həm də ürək-damar sistemi, beyin fəaliyyəti və ümumi sağlamlıq üçün ciddi faydalar verir. Gündəlik gəzinti qan dövranını yaxşılaşdırır, ürəyin daha düzgün işləməsinə şərait yaradır və yüksək təzyiq, ürək xəstəlikləri və insult riskini azaldır.
Həkimlər qeyd edirlər ki, uzun və ağır məşqlərə ehtiyac yoxdur. Sadəcə hər gün yarım saatlıq sürətli gəzinti belə orqanizm üçün kifayət qədər faydalıdır.
Mütəxəssislər həmçinin vurğulayırlar ki, gəzinti insanın əhvalına da müsbət təsir göstərir. Qısa – hətta 10 dəqiqəlik gəzinti belə stressi azaldır və əhvalı yaxşılaşdırır. Xüsusilə təbiət ərazisində gəzinti bu təsiri daha da gücləndirir.
Araşdırmalara görə, müntəzəm fiziki aktivlik yaddaş, diqqət və öyrənmə kimi beyin funksiyalarını da dəstəkləyir, yaşla bağlı zehni zəifləmənin qarşısını almağa kömək edir.
Bundan başqa, gündəlik gəzinti əzələləri gücləndirir, sümüklərin möhkəm qalmasına yardım edir və gələcəkdə yıxılma və sınıq riskini azaldır.
Prestij.Media xəbər verir ki, mütəxəssislər xüsusilə oturaq həyat tərzi keçirən insanlara gündəlik gəzintini vərdiş halına gətirməyi tövsiyə edirlər.
















