Rusiyanın cənubundakı Sibirya bölgəsində çoban tərəfindən təsadüfən tapılan dəmir parçasının təxminən 700 illik nadir döyüş qalxanı olduğu müəyyənləşib. Əsər 2019-cu ildə Xakasiya Respublikasının Uybat çölündə güclü yağışların torpağı yuması nəticəsində üzə çıxıb.
Alimlərin araşdırmasına görə, qalxanın diametri təxminən 65 santimetrdir və o, pərçimlərlə birləşdirilmiş 14 dəmir lövhədən hazırlanıb. Qalxanın günümüzə çatan hissələrinin çəkisi 2,8 kiloqramdır. Quruluşu onun adi monqol döyüşçülərinin istifadə etdiyi müdafiə vasitələrindən fərqləndiyini göstərir.
Tədqiqatçılar qalxanın Yaxın Şərqdə hazırlanmış ola biləcəyini və 1293-cü ildə Yuan sülaləsinin Yenisey qırğızlarına qarşı yürüşü zamanı bölgəyə gətirildiyini ehtimal edirlər. Lakin onun konkret hansı döyüşçüyə məxsus olduğu hələ dəqiqləşməyib.
Prestij.media
















