Yay aylarında geniş istifadə olunan kondisionerlər düzgün qulluq edilmədikdə ciddi sağlamlıq problemlərinə yol aça bilər. Mütəxəssislər xüsusilə “legioner xəstəliyi” kimi tanınan təhlükəli ağciyər infeksiyası ilə bağlı xəbərdarlıq edirlər.
Daxili xəstəliklər üzrə mütəxəssis Özkan Akyolun sözlərinə görə, legioner xəstəliyi kondisionerlərin filtr sistemlərində çoxalan bakteriyalar nəticəsində yaranır. Bu bakteriyalar hava vasitəsilə yayılaraq insanlarda ağır sətəlcəm və digər fəsadlara səbəb ola bilər.
Həkim bildirib ki, xəstəliyin əsas əlamətləri yüksək hərarət, baş ağrısı, halsızlıq, əzələ və oynaq ağrıları, quru öskürək, ürəkbulanma və ishaldır. Ağır hallarda diqqət pozğunluğu, şüur bulanıqlığı və hətta koma da müşahidə oluna bilər.
Risk qrupuna şəkərli diabet xəstələri, xroniki böyrək və ağciyər xəstəlikləri olan şəxslər, kimyaterapiya alanlar və siqaret çəkənlər daxildir.
Mütəxəssislər kondisionerlərin mütəmadi təmizlənməsinin vacibliyini vurğulayır. Həmçinin avtomobillərdə kondisioner istifadə edilərkən hava axınının birbaşa üzə və sinəyə deyil, ön şüşəyə yönəldilməsi tövsiyə olunur.
//Prestij.Media
















