Çinin Panjin şəhərində tətbiq olunan qeyri-adi kənd təsərrüfatı üsulu həm məhsuldarlığı artırır, həm də kimyəvi pestisidlərdən istifadəni azaldır. Təxminən 100 min hektar sahədə fermerlər düyü tarlalarına minlərlə yengəc buraxaraq zərərvericilərlə təbii yolla mübarizə aparırlar.
Yengəclər alaq otlarını, zərərli canlıları və üzvi qalıqları yeyərək tarlada ekoloji tarazlığı qoruyur. Eyni zamanda torpağı hərəkət etdirərək onun strukturunu yaxşılaşdırır, ifraz etdikləri üzvi maddələr isə təbii gübrə rolunu oynayır.
Bu üsul sayəsində fermerlər eyni sahədən həm düyü, həm də yengəc əldə edir, beləliklə gəlirlərini artırmaqla yanaşı, sintetik gübrə və pestisidlərdən asılılığı da azaldırlar.
Mütəxəssislərin sözlərinə görə, 1980-ci illərdən inkişaf etdirilən bu model davamlı və ekoloji cəhətdən təmiz kənd təsərrüfatının uğurlu nümunələrindən biri hesab olunur.
Prestij.media
















