Dünyanın bir çox ölkəsində hobbi kimi qəbul edilən olta balıqçılığı bəzi yerlərdə milyonlarla dollar dövriyyəsi olan peşəkar idman növünə çevrilib.
Prestij.media xəbər verir ki, peşəkar balıqçı Kevin VanDam yalnız yarışlardan əldə etdiyi mükafatlarla 7,2 milyon dollar (təxminən 6,67 milyon avro) qazanaraq bu sahədə rekord göstəriciyə imza atıb.
1990-cı ildə peşəkar karyerasına başlayan VanDam altı dəfə “Bassmaster İlin Balıqçısı” seçilib. O, 2023-cü ildə idman karyerasını başa vursa da, turnuvalardan qazandığı mükafatlarla peşəkar balıqçılıq tarixinin ən çox gəlir əldə edən idmançısı hesab olunur.
Siyahıda David Dudley 4,9 milyon dollar, Aaron Martens 3,84 milyon dollar, Greg Hackney isə 3,8 milyon dollar qazancı ilə ilk sıralarda qərarlaşıblar.
















