ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Vaşinqton İran İslam İnqilabı Keşikçiləri Korpusuna maliyyə dəstəyi verdiyi və sanksiyalardan yayınmağa kömək etdiyi iddia olunan iki rəqəmsal aktiv platformasını və “kölgə bankçılıq” şəbəkəsini hədəfə alıb.
ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, sanksiyalar Shelbit Exchange və Aban Tether adlı kriptovalyuta birjalarına, həmçinin müxtəlif ölkələrdə fəaliyyət göstərən bir sıra örtük şirkətlərindən ibarət maliyyə şəbəkəsinə tətbiq edilib.
Nazirlik sözügedən şəbəkənin qanunsuz kriptovalyuta əməliyyatlarını həyata keçirdiyini və ABŞ sanksiyalarından yayınmağa şərait yaratdığını iddia edib. Bildirilib ki, İranla əlaqəli şəxslər zəif nəzarət olunan və ya lisenziyasız rəqəmsal aktiv platformaları vasitəsilə böyük məbləğlərdə kriptovalyuta köçürmələri həyata keçiriblər.
ABŞ tərəfi bu vəsaitlərin mənbəyini gizlətmək üçün örtük şirkətlərindən və geniş onlayn qumar şəbəkəsindən istifadə edildiyini bildirib. Əldə olunan qanunsuz gəlirlərin sonradan yuyularaq İran İslam İnqilabı Keşikçiləri Korpusuna və rejimlə əlaqəli şəxslərə ötürüldüyü iddia olunur.
Sanksiya siyahısına həmçinin bu maliyyə şəbəkəsinin rəhbəri olduğu bildirilən Siavash Kayvanpour da daxil edilib. İran əsilli olduğu qeyd olunan Kayvanpourun Dominika və Əfqanıstan vətəndaşlıqlarına sahib olduğu və Birləşmiş Ərəb Əmirliklərində yaşadığı bildirilib.
ABŞ Maliyyə Nazirliyi ayrıca İranla əlaqəli olduğu bildirilən “kölgə bankçılıq” sisteminə qarşı da sanksiyalar elan edib. Banklar, örtük şirkətləri və valyutadəyişmə məntəqələrindən ibarət şəbəkə vasitəsilə yüz milyonlarla dolların köçürülməsinə şərait yaratdığı iddia olunan şəxs və qurumlar da sanksiya siyahısına salınıb.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsinə görə daha əvvəl sanksiya tətbiq etdiyi İraqın Fly Baghdad aviaşirkətini sanksiya siyahısından çıxarmışdı.
Prestij.media
















