ABŞ-da alimlər plastik tullantıları və kənd təsərrüfatı qalıqlarını qidalı məhsula çevirməyə imkan verən yeni texnologiya hazırlayıblar. NASA-nın dəstəklədiyi layihə çərçivəsində PET plastiklər, qarğıdalı saplaqları və yarpaqlar xüsusi üsulla emal edilərək peçenye hazırlanıb.
Tullantılar yüksək temperatur, təzyiq, su və oksigen vasitəsilə parçalanıb, daha sonra xüsusi maya növlərinin köməyi ilə zülal, yağ və vitaminlərlə zəngin qida məhsuluna çevrilib. Hazırlanan xəmir 3D qida printerində formaya salınıb və mikrodalğalı sobada bişirilib. Araşdırmanın ilkin nəticələrində məhsulda zəhərli maddə, ağır metal və bakteriya aşkarlanmadığı bildirilib.
Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə tullantıların azaldılması ilə yanaşı, qida çatışmazlığının aradan qaldırılmasına da kömək edə bilər. Sistemin fəlakət bölgələrində, səhralarda, qütb ərazilərində, sualtı qayıqlarda, həmçinin Ay və Mars missiyalarında istifadə edilməsi nəzərdə tutulur.
Prestij.media
















