Qvatemalada Karib dənizinə hər il minlərlə ton plastik daşıyan Motagua çayına nəhəng üzən baryerlər quraşdırılıb. Sistem yalnız bir gecə ərzində 1 400 ton tullantının qarşısını alıb. İlk 15 ay ərzində toplanan tullantıların ümumi həcmi isə 10 min tonu keçib.
Əvvəllər çayda tullantıların qarşısını almaq üçün müxtəlif baryerlərdən istifadə edilsə də, güclü daşqınlar zamanı bu sistemlər sıradan çıxıb. Yeni layihədə isə suyun səthində hərəkət edən, 51 və 107 metr uzunluğunda iki nəhəng baryerdən istifadə olunub. Suyun altından axdığı baryerlər səthdə hərəkət edən plastik və digər tullantıları saxlayır.
Məlumata görə, sistem çayla daşınan çirklənməni təxminən 60-70 faiz azaldıb. Toplanan tullantılar daha sonra çeşidlənir, plastik butulkalar təkrar emala göndərilir, üzvi tullantıların bir hissəsindən kompost hazırlanır, taxta parçaları isə yenidən istifadə olunur.
Prestij.media
















