Yay mövsümünün gəlişi ilə birlikdə vitamin və mineral baxımından zəngin meyvələr bazar və market piştaxtalarında yerini almağa başlayıb. Prestij.Media xəbər verir ki, mütəxəssislər isti havalarda qazlı və süni şəkərli içkilər əvəzinə təbii yay meyvələrinin istehlakını tövsiyə edirlər.
Su tərkibi 90 faizdən çox olan qarpız və qovun yay aylarında orqanizmin maye ehtiyacını qarşılamaq üçün ən çox seçilən meyvələr sırasındadır. Şaftalı və nektarin isə tərkibindəki A və C vitaminləri sayəsində dəri sağlamlığını dəstəkləyir.
Lif və kaliumla zəngin ərik, eləcə də əncir həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Albalı, vişnə, gavalı və üzüm isə yüksək antioksidant xüsusiyyətləri ilə diqqət çəkir.
Mütəxəssislər həmçinin çiyələk, moruq, qaragilə və böyürtkən kimi meşə meyvələrinin immun sistemini gücləndirdiyini bildirirlər.
Qeyd olunur ki, yay meyvələrinin faydalarından maksimum yararlanmaq üçün onların mövsümündə və təzə şəkildə istehlak edilməsi tövsiyə olunur. Bu məhsullar həm orqanizmdə maye balansının qorunmasına, həm də gündəlik lif ehtiyacının qarşılanmasına kömək edir.
















