Fransa 2027-ci tədris ilindən etibarən liseylərin birinci sinif şagirdlərinə süni intellekt üzrə dərslər keçməyə hazırlaşır.
Bu barədə Fransanın Baş naziri Sebastyan Lekornu sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, gənclərə süni intellekt texnologiyalarından istifadə etməyə imkan verərkən, onların bu sahədə kifayət qədər bilik və bacarıqlara malik olması vacibdir.
Baş nazirin sözlərinə görə, Fransanın Milli Təhsil naziri Eduar Geffrayın təşəbbüsü ilə həyata keçiriləcək proqram çərçivəsində lisey şagirdləri həftədə bir saat süni intellekt mövzusunda təhsil alacaqlar. Dərslər rəqəmsal və texnologiya elmləri fənni çərçivəsində keçiriləcək.
Tədris proqramına rəqəmsal suverenlik, dezinformasiyaya qarşı tənqidi düşüncə, süni intellekt modellərinin işləmə prinsipləri və onların gündəlik həyatda istifadəsi kimi mövzular daxil ediləcək.
Lekornu vurğulayıb ki, məktəblər gəncləri gələcəyin çağırışlarına hazırlamalıdır. Onun sözlərinə görə, süni intellekt sahəsində biliklərin artırılması və ekran qarşısında keçirilən vaxtın azaldılması şagirdlərin daha müstəqil və məsuliyyətli vətəndaşlar kimi formalaşmasına töhfə verəcək.
Prestij.media
















