Çin xarici ölkələri öz dəniz ərazilərində casusluq fəaliyyətləri aparmaqda ittiham edib və bu məqsədlə sensorlarla təchiz olunmuş dəniz canlılarından istifadə edildiyini açıqlayıb.
Çinin Dövlət Təhlükəsizlik Nazirliyi bildirib ki, bəzi xarici kəşfiyyat qurumları dəniz tısbağaları və balıqların üzərinə yerləşdirilən xüsusi sensorlar vasitəsilə mühüm məlumatlar toplayır. İddialara görə, həmin qurğular sayəsində dəniz suyunun temperaturu, duzluluq səviyyəsi və okean axınları barədə məlumatlar real vaxt rejimində izlənilərək xaricdəki mərkəzlərə ötürülür.
Nazirliyin açıqlamasında qeyd olunub ki, bununla yanaşı yüksək həssaslıqlı dinləmə sistemlərinə malik şamandıralar və bəzi yük gəmilərinə yerləşdirilmiş xüsusi avadanlıqlar vasitəsilə limanlardakı fəaliyyətlərin izlənilməsi də mümkündür. Pekin bu cür sistemlərin “dəniz müşahidə şəbəkəsi” yaratmağa xidmət etdiyini iddia edir.
Çin tərəfi hesab edir ki, bu üsullar hərbi gəmilər və sualtı qayıqların hərəkətlərinin izlənməsinə, eləcə də sahil müdafiəsindəki zəif nöqtələrin müəyyənləşdirilməsinə imkan yaradır. Rəsmi Pekin bunu ölkənin milli təhlükəsizliyi və iqtisadi maraqları üçün ciddi təhdid kimi qiymətləndirib.
Bununla belə, Çin sözügedən fəaliyyətlərin hansı ölkələr tərəfindən və hansı bölgələrdə həyata keçirildiyi barədə konkret məlumat açıqlamayıb.
Mütəxəssislər qeyd edirlər ki, Pekinin dənizdə ən böyük gərginlik yaşadığı ölkələrdən biri Filippindir. Tərəflər arasında mübahisəli dəniz əraziləri ilə bağlı uzun müddətdir davam edən qarşıdurmalar vaxtaşırı ciddi insidentlərlə müşayiət olunur.
Prestij.media
















