İyunun 20-də Dənizkənarı Bulvar ərazisində “AzerGold” QSC əməkdaşlarının iştirakı ilə veloyürüş təşkil olunub.
Tədbir Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə həyata keçirilib. Dövlət Bayrağı Meydanından start götürən iştirakçılar xüsusi marşrut üzrə hərəkət edərək yenidən finiş nöqtəsinə qayıdıblar.
Veloyürüşün keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin təşviqi, əməkdaşlar arasında velosiped mədəniyyətinin formalaşdırılması, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin təşviqi və ətraf mühitin qorunmasına diqqətin artırılması olub.
Yüksək əhval-ruhiyyə şəraitində baş tutan tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb. Veloyürüş zamanı əməkdaşlar həm idmanla məşğul olmaq, həm də sağlam və ekoloji həyat tərzinin üstünlüklərini təbliğ etmək imkanı əldə ediblər.
Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib ki, gələcəkdə də dövlət və özəl qurumlarla əməkdaşlıq çərçivəsində velosiped idmanının inkişafı, sağlam həyat tərzinin təşviqi və ekoloji maarifləndirmə istiqamətində müxtəlif layihələrin icrası davam etdiriləcək.
















