Türkiyədə həyata keçirilən yeni layihə çərçivəsində xərçəng xəstələri və onların yaxınları müalicə prosesi ilə bağlı məlumatları virtual reallıq (VR) texnologiyası vasitəsilə öyrənəcəklər.
Layihənin rəhbəri, xərçəng araşdırmaçısı Nihal Kayır bildirib ki, xəstələrin ən böyük problemlərindən biri müalicə dövründə məlumat çatışmazlığıdır. Bu məqsədlə həkimlər, dietoloqlar, psixoloqlar və digər mütəxəssislərin iştirakı ilə xüsusi tədris proqramı hazırlanıb.
VR eynəyi taxan xəstələr virtual mətbəxdə müxtəlif qida məhsulları arasında seçim edir. Doğru seçim etdikdə yaşıl işıq yanır və izahat verilir, yanlış seçim zamanı isə qırmızı işıqla səhvin səbəbi açıqlanır. Bu üsul xəstələrin düzgün qidalanma və infeksiyalardan qorunma qaydalarını daha yaxşı mənimsəməsinə kömək edir.
Mütəxəssislərin sözlərinə görə, interaktiv öyrənmə üsulu məlumatın yadda qalma səviyyəsini 84 faizdən yuxarı qaldırır. Layihənin ilk mərhələsinin Ankara Onkologiya Xəstəxanasında təxminən min xəstənin iştirakı ilə həyata keçirilməsi planlaşdırılır.
Prestij.media
















