ABŞ Prezidenti Donald Trampı daşıyan Marine One helikopterinin Ağ Evdən havaya qalxması zamanı təhlükəsizlik protokolunun tam tətbiq edilmədiyi məlum olub. Hadisə ilə bağlı ABŞ Federal Aviasiya Administrasiyası (FAA) araşdırmaya başlayıb.
Məlumata görə, helikopter havaya qalxarkən yaxınlıqdakı Ronald Reyqan Hava Limanında mülki aviareyslər dayandırılmayıb. Bu isə prezidentin helikopteri ilə sərnişin təyyarəsinin təhlükəli dərəcədə yaxınlaşmasına səbəb olub.
FAA hadisəni “təhlükəsizlik insidenti” kimi qiymətləndirərək hava hərəkəti dispetçerləri ilə helikopter heyəti arasında aparılan bütün danışıqları araşdırır.
Ağ Evin sözçüsü Kuş Desai isə bildirib ki, insident zamanı Prezident Donald Tramp heç bir təhlükə ilə üzləşməyib və uçuş tam nəzarət altında həyata keçirilib.
Qeyd edək ki, bu hadisə 2025-ci ilin yanvarında Ronald Reyqan Hava Limanı yaxınlığında baş vermiş və 67 nəfərin ölümü ilə nəticələnən aviaqəzadan sonra qeydə alınıb.
Prestij.media
















