Mütəxəssislər xəbərdarlıq edir ki, axşam saatlarında telefon, planşet və digər ekranlardan yayılan parlaq işıq uşaqların beyninə böyüklərlə müqayisədə daha güclü təsir göstərir. Xüsusilə qaranlıq otaqda qəfil açılan ekran işığı yuxu rejimini pozur, diqqət və yaddaş problemlərinə səbəb ola bilir.
Araşdırmalara görə, ekranların yaratdığı mavi işıq melatonin hormonunun ifrazını ləngidir və beynə hələ gündüz olduğu siqnalını göndərir. Nəticədə uşaqların yuxuya getməsi çətinləşir, ertəsi gün isə yorğunluq, diqqət dağınıqlığı və performans azalması müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, tam qaranlıq mühitdə telefona və ya planşetə baxmaq baş ağrısı, göz yorğunluğu və bəzi hallarda nevroloji problemlərin yaranma riskini artırır. Xüsusilə yataqda, yorğan altında ekran istifadəsi uşaqlar üçün daha zərərli hesab edilir.
Həkimlər valideynlərə uşaqların yatmazdan ən azı 30-90 dəqiqə əvvəl ekranlardan uzaqlaşdırılmasını, zərurət olduqda isə cihazlarda gecə rejimindən istifadə edilməsini tövsiyə edirlər.
Prestij.media
















