Şotlandiyada yerləşən və 1904-cü ildə inşa edilən tarixi Hill House binası uzun illər davam edən güclü yağışlar nəticəsində ciddi zədələndiyi üçün qeyri-adi üsulla mühafizə altına alınıb.
Prestij.media xəbər verir ki, binanın divarlarında istifadə olunan xüsusi sement materialı zamanla çatlayaraq suyu özünə hopdurmağa başlayıb. Tikilinin tam qurumasını təmin etmək üçün ətrafında 165 tonluq polad karkas üzərində nəhəng qoruyucu konstruksiya inşa edilib.
32,4 milyon paslanmayan polad halqadan ibarət tor örtük yağışın binaya çatmasının qarşısını alır, eyni zamanda hava dövranını saxlayaraq divarların tədricən qurumasına imkan yaradır. Bu üsul sayəsində bina sökülmədən bərpa olunur.
Mütəxəssislərin sözlərinə görə, qoruyucu konstruksiya bərpa prosesi başa çatana qədər yerində qalacaq. Layihə tarixi memarlıq nümunələrinin qorunması sahəsində dünyanın ən maraqlı mühəndislik həllərindən biri hesab edilir.
















