Türkiyədə şəhərlərarası sərnişindaşıma sahəsində yeni mərhələyə start verilir. Noyabr ayından etibarən İstanbul-Ankara marşrutunda ekspres avtobus reyslərinin sayı artırılacaq.
Prestij.media xəbər verir ki, yeni sistemə əsasən ekspres reyslər aralıq dayanacaqlarda saxlamayacaq və sərnişin götürüb-endirməyəcək. Bu da iki şəhər arasında səyahət müddətinin qısalmasına imkan verəcək.
Hazırda Kocaeli, Sakarya, Düzcə, Bolu, Beypazarı və Polatlı kimi məntəqələrdə dayanan avtobuslar ekspres reyslərdə birbaşa təyinat nöqtəsinə hərəkət edəcək. Reyslər “normal” və “ekspres” olmaqla iki kateqoriyaya bölünəcək.
İlkin mərhələdə yeni sistem yalnız bəzi avtobus şirkətləri tərəfindən tətbiq olunacaq. Layihənin uğurlu nəticə verməsi halında gələcəkdə daha çox daşıyıcının bu modelə qoşulacağı gözlənilir.
















