Prestij.media xəbər verir ki, Ankarada keçiriləcək NATO Zirvəsi öncəsi paytaxtın taksi sürücüləri üçün xüsusi hazırlıq proqramı həyata keçirilir.
Məlumata görə, zirvə günlərində sürücülər vahid geyim qaydasına uyğun olaraq ağ köynək və boz şalvar geyinəcəklər. Xarici qonaqlara isə Türk qonaqpərvərliyini nümayiş etdirmək məqsədilə lokum, ətirli kolonya və soyuq su təqdim olunacaq.
Türkiyə Sürücülər və Avtomobilçilər Federasiyasının sədri Mehmet Yiğiner bildirib ki, hava limanında və zirvənin keçiriləcəyi ərazilərdə xidmət göstərəcək taksi sürücüləri ölkəni ən yaxşı şəkildə təmsil etmək üçün xüsusi təlimatlandırılıb.
Onun sözlərinə görə, avtomobillərin təmizliyinə, sürücülərin səliqəli görünüşünə və qonaqlara nəzakətli xidmət göstərilməsinə xüsusi diqqət yetiriləcək. Məqsəd Ankaraya gələn nümayəndə heyətlərini yüksək səviyyədə qarşılamaq və Türkiyənin qonaqpərvərliyini nümayiş etdirməkdir.
















