Prestij.Media xəbər verir ki, dünyanın ən varlı şəxslərindən biri olan İlon Mask yüksək iş tempini qorumaq üçün sadə, lakin zülalla zəngin qidalanma rejiminə üstünlük verdiyini açıqlayıb.
Mask Joe Rogan podkastında bildirib ki, səhər yeməyində yalnız biftek və yumurta yeyir, çörək isə qəbul etmir. Onun sözlərinə görə, bu qidalanma gün ərzində enerjisini daha stabil saxlamağa kömək edir.
İş adamı hesab edir ki, karbohidratla zəngin qidalar qısa müddətli enerji artımı yaratsa da, sonradan sürətli enerji itkisinə səbəb olur. O, insanların ümumilikdə normadan artıq karbohidrat qəbul etdiyini də vurğulayıb.
Mütəxəssislər qeyd edirlər ki, zülalla zəngin səhər yeməyi daha uzun müddət toxluq hissi yarada və gün ərzində əlavə qidalanma ehtiyacını azalda bilər. Bununla yanaşı, onlar sağlam həyat üçün təkcə bir qida rejiminin deyil, balanslı qidalanma, fiziki aktivlik, keyfiyyətli yuxu və sağlam həyat tərzinin vacib olduğunu bildirirlər.
















