Beynəlxalq miqyasda həyata keçirilən geniş əməliyyat çərçivəsində Microsoft, Almaniyanın Federal Kriminal Polisi (BKA), Europol və digər tərəfdaş qurumlar kibercinayətkar şəbəkələrə ciddi zərbə vurublar.
“Operation Endgame” adı altında keçirilən əməliyyat zamanı dünya üzrə zərərli proqramların idarə olunmasında istifadə edilən 340-dan çox server fəaliyyətini dayandırıb. Onlardan 40-ı Almaniyada yerləşib. Həmçinin cinayətkarların nəzarətində olan təxminən 15 min veb-saytın fəaliyyəti məhdudlaşdırılıb və 140-dan çox domen zərərsizləşdirilib.
Əməliyyat zamanı 385 min nəfərə aid 27 milyondan çox giriş məlumatı aşkarlanaraq təhlükəsizlik məqsədilə nəzarətə götürülüb. Məlumata görə, əsas hədəf dünyanın ən çox istifadə olunan zərərli proqramlarından sayılan “SocGholish”, “Amadey” və “StealC” olub.
Araşdırma zamanı süni intellekt texnologiyalarından istifadə edilib. Bu texnologiya vasitəsilə mürəkkəb proqram kodları günlərlə deyil, bir neçə dəqiqə ərzində analiz olunub. Məhz bu yanaşma cinayətkar şəbəkələrin əlaqələrini müəyyənləşdirməyə və onların infrastrukturuna qarşı koordinasiyalı zərbə endirməyə imkan verib.
Rəsmilər bildiriblər ki, əməliyyat nəticəsində kibercinayətkarların istifadə etdiyi əsas texniki vasitələr sıradan çıxarılıb, minlərlə potensial hücumun qarşısı alınıb və qlobal kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm addım atılıb.
Prestij.media
















