ABŞ-ın Kolumbiya Universitetinin alimləri Afrikadakı tektonik parçalanmanın əvvəl düşünüldüyündən daha sürətli getdiyini müəyyən ediblər. Keniya və Efiopiya boyunca uzanan Turkana yarığında aparılan araşdırmalar bölgədə yeni okeanın yaranmasına doğru geoloji prosesin davam etdiyini göstərib.
Tədqiqatçılar yarıq boyunca seysmik məlumatları araşdıraraq yer qabığının qalınlığını ölçüblər. Fay xətlərinin kənarlarında 35 kilometrdən çox olan yer qabığının yarığın mərkəzində bəzi ərazilərdə 13 kilometrə qədər nazildiyi müəyyən edilib.
Alimlərin fikrincə, yer qabığının daha da nazilməsi parçalanma prosesini sürətləndirir. Proses uzun geoloji zaman ərzində davam etdikcə Nubiya və Somali tektonik plitələrinin bir-birindən ayrılması gözlənilir.
Ayrılma tamamlandıqda yarıq boyunca magma yüksələrək yeni okean dibinin formalaşmasına səbəb ola bilər. Daha sonra Hind okeanının suları bu əraziyə dolaraq Afrikanın şərq hissəsi ilə qitənin əsas hissəsi arasında yeni okean yarada bilər.
Araşdırma həmçinin Turkana bölgəsinin milyonlarla il əvvəl insanların yaşadığı ərazilər barədə məlumatların qorunmasında mühüm rol oynadığını göstərib. Güclü çöküntü təbəqələri burada qədim insan fosillərinin uzun müddət qorunmasına şərait yaradıb.
Prestij.media
















