Rumıniyadakı Draqomirna monastırının giriş zalının döşəməsində istifadə olunan adi görünüşlü daş lövhənin 2200 ildən çox yaşı olduğu üzə çıxıb.
Lövhənin üzərində Helenistik dövrə aid qədim yunan dilində yazılar və üç dəfnə çələngi təsvir edilib.
Mütəxəssislər yazının təxminən eramızdan əvvəl III əsrə aid olduğunu müəyyənləşdiriblər. Yazı bir şəhərin başqa şəhərdən gələn şəxsə verdiyi fəxri vətəndaşlıq statusu ilə bağlı qərardır.
Sənəddə Epikrat adlı memarın adı çəkilir. Onun Bizans şəhərindən gəldiyi və xüsusi statusla təltif olunduğu müəyyənləşdirilib. Lakin bu statusu verən şəhərin adı lövhənin zədələnmiş hissəsində olduğundan məlum deyil.
Tarixçilərin fikrincə, Epikrat bölgəyə rəsmi tapşırıqla gəlmiş və həmin dövrdə zədələnmiş tikililərin bərpasında iştirak etmiş ola bilər. Onun konkret hansı işləri gördüyü isə məlum deyil.
Draqomirna monastırı 1602-1609-cu illərdə tikilib. 2200 ildən çox yaşı olan daş lövhənin əsrlər sonra monastıra necə gətirildiyi isə dəqiq müəyyən edilməyib.
Ehtimallardan birinə görə, lövhə Dobrucadan Moldovaya gedən rahiblər və ya tacirlər tərəfindən daşınıb. Başqa versiyaya əsasən isə əvvəlcə Braila və ya Qalats şəhərlərinə, daha sonra Suçavaya aparılıb.
Nəticədə qədim yazılı daş monastırın əsas giriş zalının döşəməsinə yerləşdirilib və uzun illər adi tikinti materialı kimi istifadə olunub.
Prestij.media
















