ABŞ ordusu hərbi strategiyasını Yer orbitindən Ay ətrafına qədər genişləndirir. ABŞ Baş Qərargah rəisi general Den Keyn ölkənin ordusunun gələcək mümkün qarşıdurmalara kosmosda da hazır olmalı olduğunu bildirib.
Keyn Vaşinqton yaxınlığında keçirilən Hava, Kosmos və Kiberməkan konfransında ABŞ ordusunun dənizin dibindən Ay ətrafındakı kosmosa qədər müxtəlif mühitlərdə mübarizə aparmağa hazır olması lazım olduğunu deyib.
Bu açıqlama ABŞ Hərbi Hava Qüvvələri katibi Troy Meynkin ölkəsinin artıq orbitdə kosmosa nəzarət məqsədli silahlara sahib olduğunu açıqlamasından bir neçə gün sonra səslənib. Silahların konkret növü və necə istifadə edildiyi açıqlanmayıb.
ABŞ Kosmik Qüvvələri Çin və Rusiyanın kosmosdakı hərbi imkanlarını genişləndirdiyini bildirir. Vaşinqton xüsusilə Ayın ətrafındakı ərazilərin gələcəkdə strateji əhəmiyyət qazana biləcəyini nəzərə alaraq hərbi imkanlarını artırır.
ABŞ Kosmik Qüvvələrinin qarşıdakı beş il ərzində şəxsi heyətinin sayını 25 minə çatdırmağı planlaşdırdığı bildirilir.
ABŞ-ın bu addımları kosmosun hərbiləşdirilməsi ilə bağlı yeni müzakirələrə səbəb olub. 1967-ci il Kosmos Müqaviləsi nüvə və digər kütləvi qırğın silahlarının kosmosa yerləşdirilməsini qadağan edir. Çin isə ABŞ-ın kosmosdakı hərbi fəaliyyətinin silahlanma yarışını sürətləndirə biləcəyini bildirib.
Prestij.media
















