Dünyada illik mədən və mineral istehsalının həcmi 19,86 milyard tona çatıb. Ən böyük istehsalçılar arasında Çin ilk sırada qərarlaşıb. Türkiyə isə siyahıda 20-ci yeri tutub.
Avstriya Maliyyə Nazirliyinin məlumatları əsasında hazırlanan hesabatda Çinin illik mineral istehsalının 5,34 milyard ton olduğu bildirilib. Bu göstərici dünya üzrə ümumi istehsalın 26,9 faizini təşkil edir.
ABŞ 2,39 milyard ton istehsalla ikinci, Rusiya, Hindistan və Avstraliya isə sonrakı yerlərdə qərarlaşıb.
Türkiyənin illik mədən istehsalı 144,4 milyon ton təşkil edib. Ölkə 147,2 milyon ton istehsal edən Meksikadan sonra 20-ci sırada yer alıb. Türkiyəni isə 141,8 milyon ton istehsalla Qvineya izləyib.
Hesabatda qeyd olunur ki, sıralama mədənlərin pul dəyərinə və strateji əhəmiyyətinə görə deyil, ümumi istehsal həcminə görə hazırlanıb. Kömür, xam neft və təbii qaz kimi yüksək tonnajlı məhsullar ümumi göstəriciyə ciddi təsir edib.
Dünya mineral istehsalının yarıdan çoxu Asiya-Sakit okean regionunun payına düşüb. Region 9,99 milyard ton istehsalla qlobal göstəricinin 50,3 faizini təmin edib.
Prestij.media
















