Azərbaycanın qərbində aparılan arxeoloji qazıntılar zamanı təxminən 3 600 il əvvələ aid döyüşçü məzarı aşkarlanıb. Tapıntı Ağstafa rayonundakı Keşikçidağ Dövlət Tarix və Mədəniyyət Qoruğunun ərazisində üzə çıxarılıb.
Tədqiqatçılar 4 nömrəli kurqanın eramızdan əvvəl XVII-XVI əsrlərə aid Orta Tunc dövrünə məxsus olduğunu bildirirlər.
Təxminən 12 metr diametrində olan kurqanın içərisində 1-1,2 metr dərinlikdə məzar kamerası yerləşir. Buradan bürünc xəncər, müxtəlif ox ucluqları və nadir daş toppuz başı aşkarlanıb.
Tapılan ox uclarından ikisinin qara obsidiandan, doqquzunun isə çaxmaqdaşından hazırlandığı müəyyən edilib. Onların arasında Orta Tunc dövründə istifadə olunan qanadlı ox ucları da var.
Ən diqqətçəkən tapıntılardan biri isə təxminən 400-500 qram ağırlığında diorit daşından hazırlanmış toppuz başıdır. Onun mərkəzində iki tərəfdən açılmış dəlik var və buraya taxta və ya sümük sapın yerləşdirildiyi düşünülür.
Arxeoloqlar hesab edirlər ki, toppuz yalnız döyüş silahı olmayıb. Belə əşyalar həmin dövrdə hərbi güc və yüksək sosial statusun göstəricisi kimi də istifadə edilə bilərdi.
Xəncər, çoxsaylı ox ucları və toppuzun eyni məzarda tapılması burada dəfn olunan şəxsin sıradan döyüşçü deyil, komandan və ya yüksək təbəqəyə mənsub şəxs ola biləcəyini göstərir.
Tapıntıların yaşı daha dəqiq müəyyənləşdirmək üçün radiokarbon analizləri aparılacaq. Nümunələrin Yaponiya, Türkiyə və ABŞ-dakı laboratoriyalara göndərilməsi planlaşdırılır.
Keşikçidağ ərazisində ötən il də təxminən 3 800 illik başqa bir döyüşçü məzarı aşkarlanmışdı.
Prestij.media
















