İtaliyanın Montesilvano şəhəri yeniyetmə şahmatçıların mötəbər yarışına ev sahibliyi etməyə hazırlaşır. Bu beynəlxalq turnirdə Azərbaycanın gənc zəka sahibləri də ölkəmizi təmsil edəcəklər.
“Prestij.media” xəbər verir ki, 14, 16 və 18 yaş qrupları üzrə təşkil olunan Dünya Çempionatında planetin 86 ölkəsindən olan güclü idmançılar birincilik uğrunda yarışacaqlar. Azərbaycan yığması İtaliyaya təcrübəli məşqçi Fərid Abbasovun rəhbərliyi altında geniş heyətlə yollanıb. Yarışda ölkəmizin idman şərəfini Xaqan Əhməd, Tunar Davudov, Fərid Orucov, Paşam Əlizadə, Şəmsi Qaraxanov, Nərmin Abdinova, Lalə Hüseynova və Zəhra Allahverdiyeva qoruyacaqlar.
Qeyd edək ki, çempionatda ilk turun oyunlarına artıq sabah start veriləcək. Gərgin keçəcəyi gözlənilən zəka yarışı iyunun 26-da yekunlaşacaq.
















