Avstraliyanın adətən quraq və qırmızı torpaqları ilə tanınan daxili bölgələrində yağan güclü yağışlardan sonra təbiət mənzərəsi dəyişib. Səhra bitkilərinin çiçəkləməsi nəticəsində geniş ərazilər rəngarəng görüntüyə bürünüb.
Qərbi Avstraliyada, Pert şəhərindən təxminən 600 kilometr şimalda yerləşən Mörçison bölgəsindəki dəyişiklik NASA-nın Landsat 8 peyki tərəfindən qeydə alınıb. Peyk görüntülərinin müqayisəsi yağışlardan sonra əvvəllər quraq görünən ərazilərin yaşıllaşdığını göstərib. Mütəxəssislər builki çiçəklənməni son 20 ilin ən diqqətçəkən nümunələrindən biri hesab edirlər.
Avstraliya Meteorologiya Bürosunun məlumatına görə, iyun və avqust aylarında normadan artıq yağıntı qeydə alınıb. Yağışlar uzun müddət torpaqda yatan toxumların cücərməsinə şərait yaradıb. Tədqiqatçılar çiçəkləyən bitkilər arasında nəsli təhlükə altında olan növlərin də olduğunu bildirirlər.
Prestij.media
















