Yeni elmi araşdırma çayın insan sağlamlığına təsirinin onun hazırlanma üsulundan ciddi şəkildə asılı olduğunu ortaya çıxarıb.
Prestij.media xəbər verir ki, bir sıra elmi işlərin təhlili əsasında hazırlanan araşdırmada qeyd olunur ki, ənənəvi üsulla təzə dəmlənmiş çayın müntəzəm və ölçülü istehlakı ürək-damar xəstəlikləri, diabet, piylənmə və bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərə bilər.
Tədqiqat nəticələrinə görə, xüsusilə yaşıl çay qan təzyiqinin tənzimlənməsinə və xolesterinin yaxşılaşdırılmasına kömək edir. Bundan əlavə, beyin funksiyalarını dəstəklədiyi və yaşlı insanlarda əzələ itkisini azalda biləcəyi də qeyd olunur.
Elmi analizdə qara, ağ və sarı çayların sağlamlığa təsiri ilə bağlı yaşıl çaydan daha üstün və ya zəif olduğunu təsdiqləyən kifayət qədər sübut olmadığı vurğulanır.
Araşdırmada hazır qablaşdırılmış çaylar və “bubble tea” kimi içkilərin isə əlavə şəkər, süni dadlandırıcılar, konservantlar və aroma maddələri səbəbindən çayın faydalı təsirlərini azalda biləcəyi bildirilir.
Mütəxəssislər həmçinin pestisid qalıqları, ağır metallar və mikroplastiklərin xüsusilə uzunmüddətli və yüksək miqdarda çay istehlak edən şəxslər üçün potensial risk yarada biləcəyinə diqqət çəkirlər.
Eyni zamanda qeyd olunur ki, plastik çay paketlərinin qaynar su ilə təmasda mikroplastik hissəciklər buraxa bilməsi ehtimalı mövcuddur. Lakin normal çay istehlakı zamanı bu maddələrin ciddi sağlamlıq riski yaratdığına dair qəti elmi sübut yoxdur.
Araşdırmada həmçinin arıqlamaq məqsədilə istifadə edilən konsentrat yaşıl çay ekstraktlarının həddindən artıq istifadəsinin qaraciyər üçün toksiklik riski yarada biləcəyi vurğulanır.
















