Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Türkiyənin 12 aparıcı turizm şirkətinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri həyata keçirilib.
Prestij.media xəbər verir ki, səfərin əsas məqsədi Türkiyə turizm sənayesi nümayəndələrini Azərbaycanın zəngin turizm potensialı, müxtəlif turizm məhsulları və qonaqpərvərlik imkanları ilə yaxından tanış etmək olub.
Səfər proqramı çərçivəsində qonaqlar Bakının UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş tarixi-mədəni məkanlarını ziyarət edib, həmçinin Şamaxı, İsmayıllı, Qəbələ və Şəki rayonlarında ölkənin mədəni irsi, təbii turizm resursları, müasir turizm infrastrukturu və istirahət imkanları ilə tanış olublar.
Bununla yanaşı, Azərbaycan və Türkiyə turizm sənayesi nümayəndələrinin iştirakı ilə B2B formatında şəbəkələşmə tədbiri təşkil edilib. Görüşlər zamanı turizm sektorunda əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və qarşılıqlı işgüzar əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, 2026-cı ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq 191 min 776 nəfərə çatıb. Bu göstərici iki ölkə arasında turizm əlaqələrinin dinamik inkişaf etdiyini nümayiş etdirir.
















