Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Dayanıqlı İnkişaf Məqsədi 16 (DİM 16) üzrə beynəlxalq konfrans keçirilib.
Prestij.media xəbər verir ki, İtaliyanın BMT yanında Daimi Nümayəndəliyi, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti və Beynəlxalq İnkişaf Hüququ Təşkilatının birgə təşkil etdiyi tədbir “Dayanıqlı inkişaf naminə transformasiya və əlaqələndirilmiş fəaliyyət” mövzusuna həsr olunub.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək ölkədə vətəndaşyönümlü dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə məlumat verib.
Çıxış zamanı “ASAN xidmət” modelinin şəffaf, əlçatan və inklüziv dövlət xidmətlərinin təşkilində mühüm rol oynadığı, eyni zamanda DİM 16 çərçivəsində güclü institutların formalaşdırılması və vətəndaş məmnunluğunun artırılmasına töhfə verdiyi vurğulanıb.
Tədbirdə BMT-nin yüksəkvəzifəli rəsmiləri, müxtəlif ölkələrin dövlət qurumlarının rəhbərləri və akademik dairələrin nümayəndələri iştirak ediblər.
Səfər çərçivəsində İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, eləcə də Keniyanın Dövlət xidməti, insan kapitalının inkişafı və xüsusi proqramlar üzrə naziri ilə görüşlər keçirilib. Görüşlərdə “ASAN xidmət” təcrübəsi təqdim olunub və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, Nyu-Yorkda keçirilən tədbir və görüşlərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev də iştirak edib.
















