Yay aylarında evlərdə ən çox narahatlıq yaradan problemlərdən biri olan ağcaqanadlara qarşı təbii üsullar yenidən gündəmə gəlib. Prestij.Media xəbər verir ki, mütəxəssislər bəzi bitkilərin yaydığı qoxuların ağcaqanadları uzaqlaşdırmağa kömək etdiyini bildirirlər.
Məlumata görə, reyhan, nanə, rozmarin və lavanda kimi ətirli bitkilər pəncərə kənarlarına yerləşdirildikdə ağcaqanadların evə daxil olmasının qarşısını almağa kömək edə bilər. Bu bitkilərin yaydığı qoxular həşəratların istiqamət tapmaq qabiliyyətinə təsir göstərir.
Bitki yetişdirmək istəməyənlər üçün isə limon və qərənfil üsulu tövsiyə olunur. İki hissəyə bölünmüş limonun üzərinə qərənfil dənələri yerləşdirilərək pəncərə önünə qoyulduqda, yaranan kəskin qoxunun ağcaqanadları uzaqlaşdırdığı bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, bu üsullar kimyəvi tərkibli ağcaqanad əleyhinə vasitələrə alternativ hesab oluna bilər. Bununla yanaşı, onların effektivliyi mühit şəraitindən və ağcaqanadların sıxlığından asılı olaraq dəyişə bilər.
















