Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan WhatsApp istifadəçilərin məxfiliyini artıracaq yeni funksiyanı istifadəyə verməyə hazırlaşır.
Prestij.media xəbər verir ki, tətbiq hazırda mətn mesajları üçün “bir dəfə bax” funksiyasını sınaqdan keçirir. Yeni xüsusiyyət sayəsində göndərilən mesaj yalnız bir dəfə oxuna biləcək və qarşı tərəf mesajı açdıqdan sonra avtomatik olaraq silinəcək.
Bundan əlavə, həmin mesajların ekran görüntüsünün çəkilməsi, başqa şəxslərə yönləndirilməsi və ya cihazda saxlanılması da məhdudlaşdırılacaq. Bu isə istifadəçilərin şəxsi yazışmalarının daha etibarlı qorunmasına imkan verəcək.
Qeyd edək ki, “bir dəfə bax” funksiyası hazırda şəkil, video və səsli mesajlar üçün mövcuddur. Şirkətin planına əsasən, yeniliyin yaxın aylarda bütün istifadəçilərin istifadəsinə təqdim olunacağı gözlənilir.
Mütəxəssislər hesab edirlər ki, yeni funksiya məxfi məlumatların paylaşılması zamanı istifadəçilərə əlavə təhlükəsizlik üstünlüyü qazandıracaq.
















