Ukraynanın Xarkov şəhəri gecə saatlarında Rusiyanın kütləvi hava hücumuna məruz qalıb. Budəfəki zərbələr birbaşa hadisə yerində xidmət aparan təcili yardım və xilasetmə qruplarını hədəf alıb.
“Prestij.media” xarici mətbuata istinadən xəbər verir ki, hücum dalğası nəticəsində rəsmi vəzifəsini yerinə yetirən 5 yanğınsöndürən-xilasedici faciəvi şəkildə həyatını itirib, ən azı 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ukraynanın daxili işlər naziri İqor Klimenko bəyan edib ki, zərbələr məhz ilkin partlayışlardan sonra əraziyə cəlb olunan xilasetmə əməkdaşlarının olduğu nöqtələrə endirilib.
Şəhər rəhbərliyi də vəziyyətin gərgin olduğunu təsdiqləyib. Xarkovun meri İqor Terexovun sözlərinə görə, partlayışlar əsasən Şevçenkivski və Xolodnohirski rayonlarında qeydə alınıb. Rayonlardakı mülki obyektlərdən birində güclü yanğın baş verib və dinc sakinlər arasında da yaralananlar var.
Eyni zamanda, paytaxt Kiyev də ciddi hücumlardan yayına bilməyib. Nazir Klimenkonun sözlərinə görə, Kiyevə endirilən zərbələr nəticəsində şəhərin mülki infrastrukturuna böyük ölçüdə ziyan dəyib.
















