ABŞ Prezidenti Donald Tramp İranla əldə olunmuş razılaşmanın sabah imzalanmasının planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, sazişdən sonra Hörmüz boğazının bütün gəmilər üçün tam şəkildə açılması gözlənilir.
Tramp “Truth Social” hesabında paylaşım edərək, yeni razılaşmanın İranın nüvə silahı əldə etməsinin qarşısını alacağını iddia edib. O, həmçinin keçmiş prezident Barak Obamanın dövründə imzalanan nüvə sazişini tənqid edərək, həmin sənədin Tehrana əlavə imkanlar yaratdığını bildirib.
ABŞ lideri vurğulayıb ki, yeni razılaşma İranın nüvə proqramı ilə bağlı bütün araşdırma, inkişaf və əldəetmə fəaliyyətlərini dayandırmasını nəzərdə tutur.
Tramp əlavə edib ki, vəziyyət sabitləşdikdən sonra ABŞ İranın nüvə obyektləri ilə bağlı monitorinq aparmağı planlaşdırır. O, prosesin tez və problemsiz başa çatacağına ümid etdiyini, əks halda Vaşinqtonun alternativ addımlarının olduğunu da qeyd edib.
















