Rusiyanın Oryol vilayətində çoxmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatı (PUA) düşüb. Hadisə nəticəsində ciddi dağıntı və tələfat qeydə alınıb.
“Prestij.media” xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Klıçkov rəsmi açıqlama verib. Region rəhbərinin sözlərinə görə, Ukraynaya məxsus dronun şəhərdəki “Yaşıl Ada” yaşayış kompleksinə çırpılması nəticəsində 1 nəfər həyatını itirib, daha 9 sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərbənin təsirindən binanın bir neçə mərtəbəsində güclü yanğın qeydə alınıb.
Qeyd edək ki, ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri üçün gərgin keçib. Rəsmi qurumların yaydığı son məlumata görə, ölkənin 14 fərqli regionu üzərində Ukrayna ordusuna məxsus ümumilikdə 250-yə yaxın pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
















