Qazaxıstanda internetdə nalayiq ifadələrdən istifadəyə görə cərimələrin tətbiqi gündəmə gəlib. Hazırlanan qanunvericilik dəyişiklikləri hazırda müzakirə mərhələsindədir.
Məlumata görə, yeni qaydalar onlayn platformalarda etik davranışın gücləndirilməsini nəzərdə tutur və sosial şəbəkələrdə yazılan şərhlərə də şamil oluna bilər.
Qazaxıstanın Baş naziri Oljas Bektenov bildirib ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb və sənədin parlamentdə müzakirəyə çıxarılması planlaşdırılır.
Təkliflər sosial şəbəkələrdə yayılan bir video və ictimai rezonans doğuran qeyri-etik ifadələr fonunda gündəmə gəlib. Müzakirələrdən sonra deputatlar internet məkanında davranış qaydalarının daha sərt şəkildə tənzimlənməsini təklif ediblər.
Dəyişikliklər qəbul olunacağı halda, məsuliyyət təkcə real həyatda deyil, onlayn platformalarda yazılan paylaşımlar, şərhlər və digər ünsiyyət formalarına da şamil ediləcək.
//Prestij.media
















