Yeni araşdırma isə bu rəngin yaranma səbəbi ilə bağlı əvvəlki fikirləri dəyişdirə bilər.
Əvvəllər Marsın qırmızı rənginin onun səthində olan paslanmış dəmir minerallarından, xüsusilə hematitdən qaynaqlandığı düşünülürdü. Lakin yeni tədqiqatlara görə, bu rəngin əsas səbəbi ferrihidrit adlı, yalnız suyun iştirakı ilə əmələ gələn mineral ola bilər.
“Nature Communications” jurnalında dərc olunan araşdırmada Marsdan əldə edilən məlumatlar və NASA ilə Avropa Kosmik Agentliyi (ESA) tərəfindən göndərilən kosmik aparatların ölçmələri analiz edilib. Nəticələr Mars tozunun ferrihidrit və bazalt qarışığı ilə daha çox uyğunluq göstərdiyini ortaya çıxarıb.
Alimlərin fikrincə, bu tapıntı Marsda keçmişdə suyun indikindən daha çox ola biləcəyini göstərir. Çünki ferrihidrit yalnız suyun olduğu şəraitdə formalaşa bilir.
Tədqiqatçılar bildirirlər ki, Mars təxminən 3 milyard il əvvəl güclü vulkanik aktivlik dövrü yaşayıb. Bu proses buzların əriməsinə və su ilə süxurların qarşılıqlı təsirinə səbəb olmuş ola bilər.
Prestij.Media xəbər verir ki, gələcəkdə Marsdan Yerə gətiriləcək nümunələrin araşdırılması planetin su tarixi ilə bağlı daha dəqiq nəticələr verə bilər.
















