Avropada dizel avtomobillərə tətbiq olunan əlavə emissiya vergiləri və şəhər daxilində artan məhdudiyyətlər Türkiyənin ikinci əl avtomobil bazarına da təsir edib. Dəyər itirmək istəməyən sürücülər dizel avtomobillərini satışa çıxarmağa başlayıblar.
Uzun illər Türkiyədə ən çox seçilən mühərrik növlərindən biri olan dizel texnologiyası artan xərclər və sərtləşən ekoloji qaydalar fonunda əvvəlki mövqeyini itirir.
Avropada yüksək emissiya ödənişləri, dizel avtomobillər üçün əlavə vergilər və aşağı emissiya zonalarına tətbiq olunan cərimələr bu nəqliyyat vasitələrinin saxlanmasını bahalaşdırıb. Türkiyədə isə sürücülər gələcəkdə oxşar vergi artımlarının tətbiq oluna biləcəyindən və avtomobillərinin dəyər itirəcəyindən narahatdır.
Dizelin əsas üstünlüklərindən biri olan yanacağa qənaət də əvvəlki qədər cəlbedici deyil. Benzinlə dizel yanacağının qiymət fərqinin azalması, yüksək texniki xidmət xərcləri və mümkün vergi artımları dizel avtomobillərə marağı azaldır.
Böyük avtomobil istehsalçıları da yeni dizel mühərriklərin hazırlanmasını dayandıraraq investisiyaları hibrid və elektrikli modellərə yönəldirlər. Bu tendensiyanın ikinci əl bazarında dizel avtomobillərin satışını daha da artıracağı gözlənilir.
Prestij.media
















