Almaniyanın Köln şəhərində Reyn çayında suyun səviyyəsinin azalması nəticəsində İkinci Dünya müharibəsinə aid 500 kiloqramlıq ABŞ istehsalı aviasiya bombası aşkarlanıb. Hadisədən sonra ərazi mühasirəyə alınıb və genişmiqyaslı təxliyə işlərinə başlanılıb.
Bomba Rheinpark yaxınlığında aşkar edilib. Mühəndis-istehkamçılar sursatın zərərsizləşdirilməsi üçün əməliyyata başlayarkən, ətraf ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Əməliyyat çərçivəsində 400 metrlik təhlükəsizlik zonası yaradılıb. Təhlükəli ərazidə yerləşən RTL televiziya mərkəzinin Köln-Deutz binası tamamilə boşaldılıb. Televiziya kanalının əsas xəbər buraxılışının müvəqqəti olaraq Berlin studiyasından yayımlanacağı bildirilib.
Təxliyə tədbirləri çərçivəsində yaxınlıqdakı qocalar evinin sakinləri də daxil olmaqla, ümumilikdə 360-a yaxın şəxs təhlükəsiz əraziyə köçürülüb. Reynparkın böyük hissəsi, Zoobrücke körpüsü, Tanzbrunnen ətrafı və Reyn çayının hər iki sahilində tətbiq olunan məhdudiyyətlərin bombanın zərərsizləşdirilməsi başa çatana qədər qüvvədə qalacağı açıqlanıb.
Prestij.media
















