Elektron siqaretlərin ənənəvi siqaretə daha təhlükəsiz alternativ olması ilə bağlı formalaşmış fikir son elmi araşdırmaların nəticələri ilə yenidən müzakirə olunur. Mütəxəssislər bildirirlər ki, bu məhsulların tərkibində aşkar olunan bəzi maddələr sağlamlıq üçün ciddi risk yarada bilər.
Araşdırmalara əsasən, elektron siqaret buxarında yüksək miqdarda nikel, antimon və qurğuşun kimi ağır metallar aşkarlanıb. Mütəxəssislər bu maddələrin uzunmüddətli təsirinin ağciyər xəstəlikləri, ürək-damar problemləri və bəzi xərçəng növlərinin yaranma riskini artıra biləcəyini qeyd edirlər.
Bundan əlavə, elektron siqaretlərdə istifadə olunan bəzi aromatik kimyəvi maddələrin ağciyər toxumasına zərər verə, iltihab yarada və xroniki tənəffüs problemlərinə səbəb ola biləcəyi bildirilir. Yüksək temperaturda əmələ gələn formaldehid və asetaldehid kimi maddələrin isə kanserogen xüsusiyyət daşıdığı vurğulanır.
Kardioloqların sözlərinə görə, elektron siqaret istifadəsi ürək ritmini sürətləndirə, qan təzyiqini yüksəldə və damarların daralmasına səbəb ola bilər. Bu dəyişikliklər uzunmüddətli dövrdə infarkt və insult riskini artıran amillərdən hesab olunur.
Mütəxəssislər xüsusilə yeniyetmələrin elektron siqaretdən istifadəsinin daha təhlükəli olduğunu bildirirlər. Nikotin inkişaf mərhələsində olan beyinə mənfi təsir göstərə, asılılıq yarada, istifadənin dayandırılmasından sonra isə depressiya, narahatlıq və diqqət pozğunluğu kimi problemlərə səbəb ola bilər.
Həkimlər elektron siqaretlərin uzunmüddətli təsirlərinin hələ tam öyrənilmədiyini, lakin mövcud elmi nəticələrin bu məhsulların sağlamlıq üçün təhlükəsiz hesab edilməsinə əsas vermədiyini vurğulayırlar.
Prestij.media
















