Avropada aparılan yeni araşdırma göstərib ki, iki və ya daha çox dil bilən insanların beyni tək dil danışanlarla müqayisədə daha gənc görünür. Tədqiqatın nəticələri Avropa Neyroelm Cəmiyyətləri Federasiyasının (FENS) konqresində təqdim olunub.
Araşdırmaya görə, iki dil bilən şəxslərin beyni orta hesabla 6 il, üç dil bilənlərin 7 il, dörd dil bilənlərin isə təxminən 13 il daha gənc görünür.
Tədqiqat zamanı İspaniyanın Bask bölgəsində yaşayan 728 nəfərin beyin fəaliyyəti xüsusi cihazlarla ölçülərək süni intellekt vasitəsilə təhlil edilib. Alimlər ikinci xarici dilin erkən yaşlarda öyrənilməsinin və yüksək dil biliyinin beyin qocalmasının ləngiməsi ilə əlaqəli olduğunu bildiriblər.
Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, sağlam həyat tərzi, sosial aktivlik və davamlı öyrənmə kimi amillər də nəticələrə təsir göstərə bilər. Buna görə də beyin sağlamlığındakı müsbət təsirin yalnız çoxdillilikdən qaynaqlandığını qəti şəkildə söyləmək hələ mümkün deyil.
Prestij.media
















