Çinin texnologiya şirkəti Oppo-nun alt brendi olan OnePlus, Avropa və Şimali Amerika bazarlarında yeni cihaz satışlarını dayandırmaq qərarı verib.
Prestij.media xəbər verir ki, şirkətin rəsmi açıqlamasına əsasən, qərar qlobal strategiyanın yenilənməsi çərçivəsində qəbul olunub. Bununla belə, hazırkı OnePlus istifadəçiləri üçün zəmanət, proqram təminatı yeniləmələri və texniki servis xidmətlərinin əvvəlcədən planlaşdırıldığı kimi davam edəcəyi bildirilib.
Qiymət-performans nisbəti ilə tanınan OnePlus son illərdə qlobal smartfon bazarında mövqeyini zəiflədib. Omdia araşdırma şirkətinin məlumatına görə, hazırda qlobal bazarda Samsung təxminən 22 faiz, Apple isə 20 faiz paya malikdir. ABŞ bazarında isə OnePlus Motorola və Google kimi rəqiblərindən də geri qalaraq daha çox məhdud istifadəçi auditoriyasına xidmət edən brendə çevrilib.
Məlumata görə, şirkətin yenidənqurma planı gələcəkdə digər bazarları da əhatə edə bilər. Sənaye mənbələri bildirirlər ki, OnePlus növbəti ildən etibarən Hindistan da daxil olmaqla bəzi iri bazarlarda fəaliyyətini azaltmağı nəzərdən keçirir.
Bununla yanaşı, Oppo-nun digər alt brendi olan Realme ilə bağlı da iddialar səsləndirilir. Qeyri-rəsmi məlumatlara əsasən, şirkət yaxın gələcəkdə Çin bazarındakı fəaliyyətini də dayandıra bilər. Bununla bağlı isə hələlik rəsmi açıqlama verilməyib.
















