Elektron sənəd dövriyyəsi (ESD) sistemlərində kibertəhlükəsizliyin təmin olunması milli və korporativ təhlükəsizliyin mühüm tərkib hissəsidir.
Bu barədə Prestij.media-ya açıqlamasında sənəd dövriyyəsinin təşkili üzrə ekspert Şəmsi Gülverdiyev bildirib.
Ekspertin sözlərinə görə, ESD sistemlərində həm vətəndaşların fərdi məlumatları, həm də dövlət və özəl qurumların daxili sənədləri toplandığından bu platformaların təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır.
Ş.Gülverdiyev qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Dövlət Komissiyasının yaradılması ölkədə rəqəmsal təhlükəsizlik sahəsinə verilən önəmin göstəricisidir. Onun fikrincə, elektron sənəd dövriyyəsi sistemlərinin milli kibertəhlükəsizlik standartlarına uyğunlaşdırılması vacib məsələlərdən biridir.
Ekspert vurğulayıb ki, ESD sistemlərində təhlükəsizliyin təmin edilməsi üçün rol əsaslı giriş hüquqları, məlumatların şifrlənməsi, elektron imzadan istifadə və audit mexanizmlərinin tətbiqi əsas prinsiplər hesab olunur.
Ş.Gülverdiyev həmçinin diqqətə çatdırıb ki, kibertəhdidlər təkcə texniki boşluqlarla deyil, insan faktoru vasitəsilə də yarana bilər. Bu səbəbdən kargüzarlıq sahəsində çalışan əməkdaşların kiber-gigiyena qaydaları üzrə mütəmadi təlimlərə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.
Ekspert hesab edir ki, elektron sənəd dövriyyəsində kibertəhlükəsizlik sonradan düşünülən detal deyil, sistemin əsas dayağı olmalıdır. Onun sözlərinə görə, rəqəmsal mühitdə məlumatların qorunması vətəndaşların dövlətə və rəqəmsal xidmətlərə olan etimadının qorunması baxımından mühüm rol oynayır.
















