Rumıniyada baş verən dağçılıq qəzası təcrübəli alpinistin həyatına son qoyub. Ölkənin tanınmış dağçılarından, 36 yaşlı stomatoloq Antonia Mihailesku dırmanış zamanı təhlükəsizlik sisteminin qırılması nəticəsində təxminən 12 metrlik qayalıqdan yıxılaraq həlak olub.
Hadisə Rumıniyanın Buçeçi dağlarında yerləşən çətin marşrutlardan biri olan Albişoara Branei istiqamətində qeydə alınıb. Dörd nəfərlik qrup təlimçi ilə birlikdə eniş edərkən qayaya bərkidilmiş təhlükəsizlik nöqtəsi yerindən qopub və alpinistlər sıldırım yamaca yuvarlanıblar.
Hadisə yerinə dağ-xilasetmə qrupları və dörd helikopter cəlb edilib. Təxminən üç saat davam edən əməliyyat nəticəsində yaralanan üç nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Antonia Mihaileskunun isə həyatını xilas etmək mümkün olmayıb.
Rumıniya hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. İlkin məlumata görə, qəza insan səhvindən deyil, təhlükəsizlik avadanlığındakı texniki nasazlıqdan qaynaqlanıb.
Qeyd edək ki, Antonia Mihailesku peşəkar dağçı kimi tanınırdı. O, daha əvvəl Kilimancaro, Everest Baza Düşərgəsi və Perudakı bir sıra çətin zirvələrə uğurla qalxmışdı.
Prestij.media
















